Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 20-dən çox yaralı var.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, xəsarət alanların 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan biri Kliniki Tibbi Mərkəzə daxil olan kimi dünyasını dəyişib. Ümumilikdə hadisə nəticəsində 5 ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağırdır.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xəsarət alanlardan 3 nəfər - 2-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından, biri isə Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.
S.Əhmədova bildirib ki, hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssisləri xəstəxanalara gedərək yaralıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə məlumat veriblər ki, 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb. Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.
Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.