Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir keçirilib
“Azərbaycanın hüquqi və demokratik cəmiyyət modelinin mühüm cəhətlərindən biri də qadınların digər sahələrdə olduğu kimi, əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olmalarıdır”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
S.Müslümov vurğulayıb ki, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından biri kimi ölkədə məşğulluq imkanlarının artımı qadınlar arasında da məşğulluq səviyyəsinin artması ilə müşahidə edilir. 2003-cü illə müqayisədə respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artaraq 2016-cı ilin sonuna təqribən 2,3 milyon nəfərə çatıb. Nazir diqqətə çatdırıb ki, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri daha çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aktiv məşğulluq tədbirlərinin bir istiqamətinin də qadınların məşğulluğunun təminatına yönəldiyini qeyd edən S.Müslümov bildirib ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə 2016-cı ildə məşğulluğu təmin edilənlərin 21,4 faizini (12 138 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 43,3 faizini (1604 nəfər) qadınlar təşkil edib: “Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramında qadınların da iştirakına şərait yaradılır. Proqramda iştirak etmək üçün müraciət edən və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərdən təqribən 20 faizi qadınlardır. Azərbaycan Respublikasının yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsində də qadınların əmək bazarına çıxış imkanlarının artırılması əsas hədəflər sırasındadır”.
Baki-xeber.com