Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda bu rayonun, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb.
Dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, o cümlədən əlil arabası ilə təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, sığorta və pensiya münasibətləri, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə əlaqədar vətəndaş müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
Vətəndaşlarla görüşündə S.Müslümov əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin 2017-ci ildə də davam etdirildiyini deyib. Nazir, həmçinin, ehtiyac meyarının artırılaraq 105 manatdan 2017-ci il üçün 116 manata çatdırılmasının ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdığını qeyd edib. Müraciətlərin cavablandırılması zamanı S.Müslümov Prezident İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin bu bölgəni də əhatə etdiyini bildirib. Qəbul zamanı sorğu xarakteri daşıyan müraciətlərlə bağlı qanunvericiliyin müvafiq bəndləri vətəndaşlara ətraflı izah olunmaqla, bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapıb. Müraciətlərinə əsasən 3 nəfər (o cümlədən 1 nəfər sağlamlıq imkanları məhdud uşaq və 2 nəfər əlilliyi olan şəxs) əlil arabaları ilə təmin ediliblər. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri təklif edilib və onlar üçün münasib olan iş yerlərinə göndərişlər verilib.
Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə ötən il 4 min nəfərdən çox, cari ilin yanvar ayında 376 nəfərin münasib işlərlə təmin edildiklərini diqqətə çatdıran S.Müslümov vətəndaşlardan bir qisminin müraciətlərinə əsasən onların bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaları və s. ilə də bağlı tapşırıqlar verib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Baki-xeber.com