Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüşdə respublikamızda əmək bazarı proqramları və sosial müdafiə sahəsində islahatlar müzakirə olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son illərdə dünya iqtisadiyyatında dərinləşən böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin minimallaşdırılması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini bu islahatların ölkəmizin 2016-cı ili uğurla başa vurmasına imkan verdiyini, məqsədyönlü iqtisadi şaxələndirmənin müsbət nəticəsi kimi ötən il qeyri-neft sektorunda 5 faiz, cari ilin yanvar ayında 13 faiz artımın qeydə alındığını bildirib.
İ.İsayev deyib ki, dövlət başçısının irəli sürdüyü sosial məsuliyyət prinsipi mövcud iqtisadi şəraitdə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsinə imkan yaradıb. Görülən tədbirlər nəticəsində ölkəmizin əmək bazarında sabitliyin mövcud olduğunu, işsizliyin artmasının qarşısının alındığını qeyd edən nazir müavini əmək bazarında mövcud vəziyyətə dair göstəriciləri qeyd edib. Hazırda Azərbaycanda işsizlik səviyyəsi göstəricisinin əksər ölkələrlə, hətta ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağı, yəni 5 faiz səviyyəsində olduğunu vurğulayan nazir müavini özünüməşğulluq proqramı çərçivəsində görülən işləri də diqqətə çatdırıb.
Əmək və sosial müdafiə sahəsində yaradılmış avtomatlaşdırılmış sistemlər (əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi) barədə məlumat verən İ.İsayev ötən dövrdə ölkəmizdə sığorta-pensiya sisteminin qabaqcıl dünya təcrübəsindən irəli gələn prinsiplərə uyğun təkmilləşdirilməsi üçün həyata keçirilmiş islahatları da diqqətə çatdırıb.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizin yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsi, sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev pensiya qanunvericiliyinin təkmilləşdirilməsi üçün hazırlanan yeni qanun layihəsi barədə məlumat verib.
BVF-nin ekpertləri Karolina Kastellanos və Vina Nguyen Azərbaycanda milli iqtisadiyyatın inkişafına yönələn proseslərin eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əmək resurslarının məşğulluğunun təmin edilməsi yönündə ardıcıl addımların atılması ilə müşahidə olunmasını yüksək dəyərləndirib. Onlar ölkəmizdə icra olunan aktiv əmək bazarı proqramlarını, pensiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində ötən dövrdə qazanılmış nailiyyətlərin önəmini vurğulayıb. Pensiya təminatında sığorta prinsiplərinin daha da gücləndirilməsinin bu təminat sisteminin ən vacib faktoru olduğunu bildirən ekpertlər bu istiqamətdə islahatların da uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə edib.
Görüş əmək bazarında inkişaf meylləri, əmək bazarı proqramları, sığorta-pensiya sistemində islahatlar, dövlət sosial yardım sistemi və s. mövzularda müzakirələrlə davam edib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Baki-xeber.com