Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər.
Qeyd edək ki, hazırda bu müddət 5 gündür.
Bələdiyyələr yerli büdcənin icrası ilə bağlı yerli əhalini məlumatlandıracaq. Bu barədə məsələ də MM-in Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Həmin qanunun 13-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, yerli əhalini büdcənin icrası ilə tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətində bələdiyyə binasının qarşısında xüsusi lövhədə yerləşdirilir.
Qeyd edək ki, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.