AMEA-nın Geologiya və Geofizika İnstitutu “Otman bozdağ” vulkanının püskürməsi ilə bağlı araşdırmalar aparır. Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, fevralın 6-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi qeydə alınıb.
Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də baş verib.
RSXM-nın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlidən aldığımız məlumata görə, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib.
Otman-Bozdağ palçıq vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı var ki, onların da aktivləşmə ehtimalı artıb. Bu barədə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, 6 fevral 2017-ci il tarixində saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır: "Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır".
Qeyd edək ki, “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.
Otman-Bozdağ palçıq vulkanı Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.