Növbəti tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində təhsil haqları ilə bağlı müvafiq qərar qəbul olunacaq.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov APA-ya bildirib ki, Bakı Mühədnislik Universitetində təhsil haqlarının necə olacağı həm Qafqaz Universitetinin tələbələri, həm də valideynlərini müəyyən qədər narahat edən məsələlərdən biridir. Onun sözlərinə görə, ödəniş haqqı cari tədris ili üçün sabit olaraq qalacaq: “Amma növbəti tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində təhsil haqqı ilə bağlı müvafiq qərar qəbul olunacaq. Burada tələbələrin xeyrinə qərar veriləcək. Yeni yaradılan ali məktəbdə tələbələr digər dövlət ali təhsil müəssisələrində olduğu kimi həm ödənişli, həm də dövlət sifarişi ilə təhsil ala biləcəklər. Ancaq Bakı Mühəndislik Universitetində təhsil haqqı ilə bağlı məsələ növbəti tədris ilindən qəbul planı planlaşdırılanda öz həllini tapacaq”.
Nazirlik rəsmisi yeni yaradılan ali məktəbdə Qafqaz Universitetində olan bütün ixtisasların olub-olmayacağına da aydınlıq gətirib. S.Gözəlov vurğulayıb ki, dünya təcrübəsi və təhlillər göstərir ki, texniki yönümlü universitetlər geniş profilli ixtisaslar üzrə kadr hazırlayır, həm iqtisadiyyat-idarəetmə, həm müəllimlik, həm də humanitar sahələr üzrə kadr hazırlığı ilə məşğul olurlar: “Yəni, müəllimlik, iqtisadiyat-idarəetmə, texniki-texnoloji ixtisaslar üzrə təhsil alan tələbələrin bir ali məktəbdə oxuması təəccüblü görünməsin. Müəllimlik ixtisası üzrə təhsil alan tələbələr təhsillərini başa vurana qədər bu universitetdə tədrislərini davam etdirəcək. Əgər onlardan kimsə yay tətilindən sonra başqa bir dövlət universitetinə köçürülmək istəyəcəksə, o, transfer.edu.az saytına müraciət edərək ümumi qaydada digərinə köçürülə bilərlər. Amma düşünürəm ki, belə istəkdə olan tələbələrin sayı praktiki olaraq olmayacaq. Lakin növbəti tədris ilindən Bakı Mühəndislik Universitetinin müəllimlik, pedaqoji ixtisaslarına qəbul dayandırılacaq. Ali məktəbə yalnız texniki-texnoloji və iqtisadiyyat-idarəetmə ixtisasları üzrə tələbə qəbulu aparılacaq. Yalnız pedaqoji ixtisaslar üzrə qəbul nəzərdə tutulmayacaq”.
Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq
"Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq". Bunu da S.Gözəlov bildirib. O qeyd edib ki, universitetin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil: “Düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq. Eyni zamanda vurğulamaq istərdim ki, hazırda təhsil alan tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar və diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq. Bu da tələbələr üçün müsbət bir haldır”.
Nazirlik rəsmisi vurğulayıb ki, Qafqaz Universitetində təhsil alan tələbələr 2016/2017-ci tədris ilinin II-yaz semestrindən etibarən Bakı Mühəndislik Universitetinin tələbələri hesab olunacaq və təhsillərini davam etdirəcəklər: "Təhsillərini Bakı Mühəndislik Universitetində davam etdirmək istəməyən tələbələrin müraciətinə isə tədris ili başa çatandan sonra baxılacaq. Düşünürəm ki, belə istəkdə olan tələbələrin sayıl çox az olacaq. Çünki Bakı Mühəndislik Universitetində tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirməsi üçün bütün şərait yaradılacaq”.
Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Qafqaz Universitetindən məzun olan tələbələrin diplomları Türkiyədə tanınmayacaq. 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq.