Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb. Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.
O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.
“Həyatda heç kim intihardan sığortalanmayıb. İstər psixoloq olsun, istərsə də psixiatr, hər kəsin müəyyən problemləri, sıxıntıları olur. Bu fakt bir daha izah edir ki, psixiatr, psixoloq da intihardan sığortalanmayıb və demək olmaz ki, onlar intihar edə bilməz”. Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova deyib.
K. Talıbova qeyd edib ki, intihar böhran vəziyyətində edilən bir davranışdır: “Çox güman ki, psixoloq Dəyanət Rzayev də intihar edən hər bir şəxs kimi böhran durumunda olub”.