Yanvarın 25-də "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev "Azercell"in təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb.
Görüşdə çıxış edən V.Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr "Azercell"də təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcək: "Azercell" fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardır" - deyən şirkət prezidenti "Azercell"in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsilində uğurlar diləyib.
Qeyd edək ki, bu il "Azercell"in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.
Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri ikimərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və bölgə universitetlərində "Azercell"in İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı, ingilis dili tapşırığı verilib. Bundan əlavə, tələbələr "Azercell"in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.
Məlumat üçün bildirək ki, "Azercell" şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə "Azercell"in təqaüdçüsü adına layiq görülüb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.