Prezident İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" 2016-cı il 18 noyabr tarixli Sərəncam imzalayıb.
Yubileyin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən muxtar respublikada müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Şərq qapısı" xəbər verir ki, AMEA Naxçıvan bölməsində, plana əsasən, "Əziz Əliyev: həyat yolu" mövzusunda interaktiv dərs keçirilib. Muxtar respublikanın 205 məktəbinin izlədiyi dərsi bölmənin sədri, akademik İsmayıl Hacıyev aparıb və mərhum dövlət xadiminin böyük həyat yolunun ibrətamiz və tərbiyəvi səhifələri barədə geniş məlumat verib.
Qeyd edək ki, Prezidentin müvafiq sərəncamından sonra görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunub. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov professor Əziz Əliyevin keçdiyi həyat yolunu nəsillərə nümunə kimi dəyərləndirərək deyib: "Əziz Əliyev dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insan kimi nəinki səhiyyəmizin inkişafına böyük töhfələr vermiş, eyni zamanda dövlət idarəçiliyində kadrlarla işləməyin, kütləni səfərbər etməyin, rəhbər-xalq münasibətlərinin bu gün də etalon ola biləcək ictimai praktikasını yaratmış, Azərbaycan elminin yeni istiqamətlərini müəyyənləşdirmiş, bu sahələrin inkişafına nail olmuşdur. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikcə onun dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına heyran qalmamaq mümkün deyil. Bu böyük şəxsiyyətin bütün fəaliyyəti xalqa layiqli xidmət nümunəsi idi".
Böyük alim, görkəmli dövlət nxadimi Əziz Əliyevin xatirəsi muxtar respublikada əbədiləşdirilib, Naxçıvan şəhərindəki küçələrdən birinə və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına alimin adı verilib.
Baki-xeber.com