Quba Rayon məhkəməsində zorakılıq faktı ilə üzləşən 10 yaşlı Nuray Bayramzadə bu tədris ilində - sentyabrın 15-dən dekabrın 7-dək təhsildən yayınıb. Bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, N.Bayramzadə bu müddətdə təhsil aldığı Quba rayon Alekseyevka kənd məktəbinə müxtəlif vaxtlarda tibbi arayışlar verib. Lakin dekabrın 7-dən sonra o, məktəbə fasilələrlə gedib.
A.Səfixanlı qeyd edib ki, bu il yanvar ayından N.Bayramzadənin təhsil aldığı məktəb dəyişdirilib. Hazırda Quba rayon 4 saylı orta məktəbdə təhsil alan N.Bayramzadə dərslərdə iştirak edir: “İndi ən çox müzakirə olunan məsələ bu uşağın kimin himayəsində qalacağıdır. Bizi isə indi daha çox bu maraqlandırır ki, uşağın hüquqları təmin olunsun, təhsildən yayınmasın. Hazırda biz onun təhsil məsələsini diqqətdə saxlayırıq. Ombudsman Aparatının Quba Regional bölməsi bu məsələni diqqətdə saxlayır və N.Bayramzadə təhsildən yayınarsa, bu barədə bizə məlumat veriləcək”.
A.Səfixanlı qeyd edib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən məhkəmədə baş verən hadisələrlə bağlı daxili tədqiqat aparılır. Tədqiqat bitən kimi bu barədə Ombudsman Aparatına məlumat veriləcək.
Quba rayon Məhkəməsinin İcra şöbəsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məhkəmənin İcra şöbəsində aparılan daxili təhqiqatda məhkəmə icraçılarının qərarın icrası zamanı etik davranış qaydaları araşdırılır: "Əgər məhkəmə icraçılarının hərəkətlərində qanun pozuntusu aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.