Bu gün səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində 09:55-də yanğın baş verib.
SOCAR-ın yaydığı məlumatda deyilir ki, yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğın bir neçə saatdan sonra söndürülüb. "Görülmüş tədbirlər nəticəsində yanğını söndürmək mümkün olub", - deyə SOCAR-dan bildirilib.
Azərbaycanda iki elektrik stansiyasının istehsal prosesi də məcburi dayandırılıb. “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumata görə, Səngəçal qəsəbəsində qaz xətlərində baş vermiş qəza ilə əlaqədar, ASC-nin qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-in istehsal prosesi məcburi olaraq dayandırılıb.
“Azərenerji” ASC-nin prezidentinin rəhbərliyi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində enerji sisteminin mövcud dayanıqlığı təmin edilib və qəzanın genişlənməsinin qarşısı alınıb.