Dünən Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi “Unudulmaz Lider” və “Mənim Prezidentim” layihələrinin yekununa həsr edilmiş 55 Adda - 55 Qalib tədbiri keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a verilən xəbərə görə, tədbirə ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunb.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olmasından ötrü yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış əminamanlıq şəraitində Azərbaycan gəncləri çoxsaylı uğurlarla yeni ilə və yeni hədəflərə doğru addımlayır. Gənclər dövlətimizin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirməklə çalışırlar ki, həyata keçirilən bu əzəmətli işlərdə yaxından iştirak etsinlər. Həqiqətən də ölkəmizdə qazanılmış uğurlarla Azərbaycan gəncləri fəxr edir. Azərbaycan gəncləri başa düşürlər ki, ölkəmizdə əldə olunan hər bir uğur gənclərin gələcəyi naminədir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gənclərimizi qazandıqları uğurlar münasibəti ilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Həmçinin tədbirdə ilin yekunlarına və layihələrdə fəal iştirakına gorə gənclər arasında 55 nominasiya üzrə keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanmış “Gənclər öz Liderini təbrik edir” video filminin və “Ulu Öndər Nişanəsi” mahnısının təqdimatı da keçirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ən fəal gəncləri xüsusi hazırlanmış lövhədə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə öz səmimi təbriklərini də yazıblar.
Eyni zamanda tədbirdə Azərbaycan Velosiped Federasiyası tərəfindən velosipedçilərin yürüşü təşkil edilib. Veloyürüşə Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısından start verilib və qızlardan ibarət komandanın yarışı keçirilib. Yarışda qalib gələn velosipedçi qızlar mükafatlandırılıb.
Tədbirdə iştirak edən gənclər gənclərə olan etimada, qayğıya və verilən dəyərə görə Prezidentə təşəkkürlərini bildiriblər. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri - Ziyad Səmədzadə,Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər iştirak edib.
Tədbir bədii proqramla yekunlaşıb.