Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün keçirilən plenar iclasda İnzibati Xətalar Məcəlləsinə avtomobilin parklanması ilə bağlı dəyişikliklər edilməsi təklifinin müzakirəsi zaman deyib.
F.Ağamalı vurğulayıb ki, orada yığılan pullar büdcəyə getmir, ciblərə gedir: "İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı dəyişikliklər həmin pulların dövlət büdcəsinə yönəlməsinə şərait yaradacaq".
F.Ağamalı məktəblərin qarşısında avtomobillərin saxlanması üçün isə 15 dəqiqəlik vaxt limitinin tətbiq edilməsini təklif edir. O qeyd edib ki, valideyinlər övladlarını məktəbə apararkən avtomobildən düşüb onu məktəbə qədər ötürür: “Bu isə təqribən 10-15 dəqiqə vaxt aparır. Valideyin uşağı məktəbə qoyub qayıdanda görür ki, avtomobili qanunsuz saxladığına görə evakuator tərəfindən aparılıb. Ona görə təklif edirəm ki, insanların bu cür cərimələrə məruz qalmaması üçün məktəblərin qarşısında avtomobillərin saxlanması üçün 15 dəqiqəlik icazə verilsin”.