Azərbaycanda buraxılış imtahanlarından başqa digər növ imtahanların ödənişli olması üçün həmin xidmətlər Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar bu gün keçirdiyi brifinqdə deyib.
M.Abbaszadə əlavə edib ki, bu barədə qərar verildikdən sonra imtahanların maliyyələşdirilməsinin hansı formada olacağı ilə bağlı müzakirələr aparılacaq.
M.Abbaszadənin sözlərinə görə, imtahanların hansı formada keçirilməsi isə bağlı işçi qrupu səviyyəsində müzakirələr daim aparılır: "DİM-in, Tarif Şurasının mütəxəssisləri, iqtisadçılarla birgə müzakirələr aparılır. Amma bunu hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabineti qərar verilməlidir. Prezident İlham Əliyevin aprel ayında verdiyi fərmanla Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmanda nəzərdə tutulan məsələlərə uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Uyğunlaşdırma aparıldıqda artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Bununla əlaqədar hələ qərarı gözləyirik. Sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik".
Qeyd edək ki, Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin (DİM) Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.
M.Abbaszadə bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında bildirmişdi ki, bununla əlaqədar yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. DİM publik hüquqi şəxs olduğundan dövlət digər növ imtahanları maliyyələşdirməyəcək.
Bir necə gün əvvəl təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na əsasən, buraxılış imtahanları dövlət büdcəsi hesabına keçiriləcək.
"Bu ildən 9-cu sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq, 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək". Bunu da M.Abbaszadə deyib. M.Abbaszadə əlavə edib ki, 9-cu sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, 9-cu siniflər üçün attestatlara illik qiymətlər məktəb tərəfindən yazılacaq. Əlavə sətirdə isə buraxılış imtahanlarının qiymətləri yazılacaq: "Amma bu, 11-ci sinfə aid deyil. 11-ci siniflər 2 il köhnə qayda ilə attestat alacaqlar".
M.Abbaszadə deyib ki, bu il də 9-cu sinif bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istənlər üçün buraxılış imtahanında topladığı bal onun üçün müsabiqə balı hesab ediləcək.
M.Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları hazırlanıb. Bu qaydalar bu həftə ərzində aidiyyəti quruma təqdim ediləcək: "Hüququmuz var ki, buraxılış imtahanlarının qaydaları təsdiq edildikdən sonra bunun əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını Nazirlər Kabinetinə təqdim edək. Bu həftə ərzində qaydalar aidiyyəti quruma təqdim ediləcək. Bu məsələ Təhsil Nazirliyi ilə birgə müzakirə olunub".