Nəsimi rayonda ictimaiyyətin, ağsaqqalların, ziyalıların,qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın ümümmilli lideri Heydər Əliyev ideyalarının əbədi yaşayacağını, onun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçiliyin daha da möhkəmlənməsi, ölkəmizin və xalqımızın tərəqqisi, birliyi naminə həyata keçirdiyi ardıcıl tədbirləri qeyd edərək, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması sahəsində Heydər Əliyev Fondunun misilsiz fəaliyyətini xüsusi vurğulayıb. O bildirib ki, adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi, müdrikliyi əməli fəaliyyəti ilə təsdiqlənən dahilərdən biri və birincisidir. Öndərlərə xas qətiyyətini, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu ölkəyə rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən mərhum prezidentin adının Azərbaycanla bir çəkilməsi xalqının övladına məhəbbətinin parlaq ifadəsidir.Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş və bununla da tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.
Tədbirdə Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, “Azintur” SC-nin Sədri Aydın Heydərov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edib, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyduğunu bildirib. Qeyd edilib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdən olub.
Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad ediblər. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq payları təqdim edilib.