Nəsimi rayonunda 3 Dekabr – Beynəlxalq Əlillər Günü qeyd olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu gün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi, 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan və Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış uşaq bağçasındakı əlil uşaqlar- ümumilikdə 200-dən çox əlil uşaq üçün «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilib. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmb.
Qeyd olunub ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7406 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var.
A.Əsgərov bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanır. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunub. İl ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyilə 268 və 11 saylı məktəblərdə təhsil alan 20 nəfər uşağa əlil arabası təqdim edilib. Bildirilib ki, bu il müxtəlif kateqoriyalardan olan 158 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Şəki, Kürdəmir rayonları və Bilgəh qəsəbəsindəki istirahət mərkəzləri və sanatoriyalara göndərilib.
Həmçinin qeyd olunub ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən 268 saylı Xüsusi məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 814 nəfər uşaq təhsil alır. 162 nəfər məktəbdə, 652 nəfər isə evdə təhsil alır. Onlara 246 nəfər müəllim dərs keçir.Rayonda fəaliyyət göstərən 11 saylı Xüsusi məktəb 1947-1948-ci tədris ilində istifadəyə verilmişdir. 109 nəfər məktəbdə, 747 nəfər isə evdə təhsil alır. Onların təhsili ilə 304 nəfər müəllim məşğul olur.
Nəsimi rayonunda Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçası 1972-ci ildən fəaliyyət göstərir. Bağçada 7 qrup fəaliyyət göstərir ki, onlardan 5 qrupu kar, 2 qrup isə zəif eşidən qruplardır. 23 pedaqoji işçi 50 nəfər uşağın tərbiyəsi ilə məşğul olur.
Rayonda Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi fəaliyyət göstərir ki, burada autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək göstərilir.Hal hazırda burada 24 uşağa köməklik göstərilir, il ərzində 100-dən artıq uşağa müvafiq köməklik göstərilib.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunub.
Tədbirdə 200 nəfər əlil uşağa hədiyyələr təqdim olunub, populyar incəsənət ulduzları- Nadir Bayramlı, Təranə Qumral, Musa Musayev,Tural Salmanov, Zahid Qubadlı, Yaşar Yusub, Şadi Sehrab qızı və şən klounlar öz mahnıları və ifaları ilə tədbiri uşaqların yaddaşında daha yaddaqalan və mənalı ediblər.