“Son 20 ildə 25 mindən çox diplomun 25-30 faizi tanınmayıb”
Yeni hazırlanan akkreditasiya qaydaları yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi rəisinin səlahiyyətlərini icra edən Samir Vəliyev bildirib ki, hazırda akkreditasiya bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə bilavasitə əlaqələndirilir.
Onun sözlərinə görə, yeni qaydalar hazırda mövcud olan bəzi qaydalardan fərqlənəcək: “Qaydaların əsas fərqi odur ki, ilk növbədə təhsilin keyfiyyətinin təminatı forması yenidən müəyyənləşdiriləcək. Digər fərq akkreditasiya komissiyalarının tərkibi formatının dəyişdirilməsidir”.
S. Vəliyev xarici ölkələrdə distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda distant təhsil mexanizm olaraq mövcud deyil: “Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından biz onu təhsilin bir forması kimi qəbul etmirik. Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq. Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq tanınır”.
“Xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların arasında da saxta olanları var. Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Biz idarə olaraq saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq tanınmasına qərar veririk”. Bunu da S.Vəliyev deyib.
Onun sözlərinə görə, diplomların tanınmaması onun saxta olduğu anlamına gəlmir: “Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Buna həm vəsait, həm də zaman sərf olunur.Diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, sonradan ölkə tərəfindən tanınsın”.
S.Vəliyev əlavə edib ki, 2007-ci ildən bu günə qədər nazirliyə xarici ölkə ali məktəbləri tərəfindən verilən diplomlarının tanınması ilə bağlı 25 mindən çox müraciətlər olub. Onların 70-75 faizinin təsdiqləndiyini deyən nazirlik rəsmisi vurğulayıb ki, yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb: “Tanınmamağın əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə cavab verməməsidir. Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Tanınmayan diplomlar arasında MDB ölkələri, Rusiya, Ukrayna və Gürcüstan ali məktəbləri tərəfindən verilən diplomlar çoxluq təşkil edir”.