Lerik rayonunun ucqar dağ kəndlərindən biri Hamarat adlanır. Dağlar qoynunda yerləşən bu kənddə qış olduqca uzun və sərt keçir. Qarlı, küləkli havalar günlərlə ara vermir, nəticədə kəndlə bütün əlaqələr kəsilir.
Camaat istər-istəməz ağır problemlə üz-üzə qalır, ən çox çətinlik də yanacaqla bağlı yaranır. Vəziyyəti yaxşı bilən rayon rəhbərliyi Hamarat kəndinə 2014-cü ildə təbii qaz çəkiləcəyini demişdi. Lakin o vaxtdan iki il keçməsinə baxmayaraq, hələlik heç bir iş görülməyib. Kəndin qazlaşması yubadılır. Verilən söz yerinə yetirilmir. Odur ki, bu qış da qazsız gəldi Hamarat kəndinə.
Hamarat əhalisi taxıl əkir, mal-qara saxlayır, halal zəhmətlə ömür sürür. Onlar öz dövlətinə, dövlət başçısına sadiq adamlardır. Respublikada baş verən bütün yeniliklərə ürəkdən sevinirlər. İnanırlar ki, bundan sonra dövlət onları köməksiz qoymaz və qaz məsələsi də tezliklə öz həllini tapacaq.
Tezliklə hamaratlılar bunu görəcək. Çünki Azərbaycan Respublikanın Prezidenti İlham Əliyevin ali məqsədi xalq üçün daha yaxşı şərait yaratmaq, insanların rifah içində yaşamasıdır. Aparılan düzgün siyasətin nəticəsidir ki, bütün bunlara yaxşı da əməl olunur.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (Lerik rayon sakini).