Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq baxış-müsabiqəsi başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a verilən xəbərə görə, baxış-müsabiqədə bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə diplom və mükafatlar təqdim edilib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, əlillərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırılması, bu təbəqədən olan şəxslərin səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunması istiqamətində məqsədyönlü işlər görülür. Eyni zamanda, əlillərin sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onların cəmiyyət həyatında fəal iştirak imkanlarının genişləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi də diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi də bu məqsədə yönəlib. Baxış-müsabiqə həmin insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılmasında və dəstəklənməsində, əlillərin cəmiyyətə inteqrasiyasında xüsusi önəm kəsb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, tədbir nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunub. Baxış-müsabiqəsinin ilk mərhələsi kimi Bakı, Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Sabirabad, Mingəçevir şəhər və rayonlarında ölkənin bütün bölgələri üzrə ümumilikdə 500 nəfərə yaxın əlil şəxs və sağlamlıq imkanları məhdud uşağın bədii yaradıcılıq nümunələrinə baxış keçirilib. Onlardan muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə istedad və bacarıqları ilə fərqlənən 136 nəfər şəxs baxış-müsabiqənin yekun mərhələsində iştirak hüququ qazanıb. Son iki gündə keçirilən bu mərhələdə respublikanın tanınmış incəsənət xadimlərindən (Arif Babayev, Fikrət Qoca, Faiq Sücəddinov, İntiqam Soltan, Cəmilə Bayramova) ibarət münsifər heyətinin qərarları ilə ayrı-ayrı nominasiyalar üzrə qaliblər müəyyən olunub.
Daha sonra bədii yaradıcılığın müxtəlif növlərini əhatə edən 4 nominasiya üzrə I, II və III yerlərə layiq görülmüş əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara diplomlar və mükafatlar təqdim edilib. Yekun mərhələsində iştirak edən digər şəxslərə də təşəkkürnamələr və həvəsləndirici mükafatlar verilib.