Naxçıvanda qış mövsümündə 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 ictimai yaşayış binasının 7634 mənzili və 30 inzibati bina istiliklə təmin olunur.
Naxcivanxeberleri.com xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Əli Qurbanov məlumat verib.
Bildirilib ki, muxtar respublikada qış mövsümünün başlanması ilə əlaqədar olaraq bütün qazanxanalara və istilik şəbəkəsi obyektlərinə baxış keçirilib, mərkəzləşdirilmiş qazanxanalarda cari təmir işləri aparılıb, buxar və istilik qazanları təmizlənib.
Soyuq qış mövsümünə keçidlə əlaqədar olaraq noyabr ayının əvvələrindən binalar istiliklə təmin olunur.
Qazanxaların işçiləri qış geyimi ilə təchiz edilmiş, ocaqçılar Naxçıvan Regional Tədris Mərkəzində xüsusi kurs keçdikdən sonra sertifekatla təmin olunmuşlar. Hal-hazırda bu kurslar davam edir. Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı mütəmadi marifləndirici tədbirlər keçirildiyi üçün indiyədək Naxçıvan şəhərində qazanxanalarda xoşagəlməz hallar baş verməmişdir.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi QAYNAR XƏTT-in mövcud olduğunu da vurğuladı: “036 545 49 92 nomrəli xətt 24 saat fəaliyyətdədir və hər hansı bir xoşagəlməz hal baş verərsə sakinlər bu nömrəyə anında müraciət edə bilərlər. Bütün təhlükələrin qarşısını almaq üçün qəza briqadası fəaliyyət göstərir"
Qeyd edək ki, mənzillərin istiliklə təmin olunması üçün sakinlər hər kv-metrə 0.15 manat (15 qəpik) vəsait ödəyirlər. Təxminən 50-60 kv-metr sahəsi olan bir mənzil qış mövsümü ərzində ayda 7-9 manat ödəməklə fasiləsiz istiliklə təmin olunur. Bu da alternativ istilik vasitələrindən dəfələrlə ucuz və keyfiyyətlidir.
Son dövrdə mətbuatda istilik xidmətlərinin qiymətlərinin qalxması ilə bağlı məsələlər gündəmə gəldiyi üçün bununla bağlı Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisinin fikrini öyrənmək istədik. Əli Qurbanov bildirdi ki, “yaşayış binalarının sakinləri hər kv-metr üçün 15 qəpik, kommersiya obyektləri isə 25 qəpik vəsait ödəyirlər. İstilik xidmətinin qiymətinin qalxması gündəmdə deyil və hesab edirəm ki, yaxın müddət üçün belə bir hal olmayacaqdır”.