Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Furio de Angelis ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin humanitar ehtiyaclarının qarşılanması sahəsində Azərbaycanın məqsədyönlü dövlət siyasətinə malik olduğunu qeyd edib. S.Müslümov yoxsulluq səviyyəsinin 5 faizə endiyi ölkəmizdə məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında da yoxsulluğun kəskin şəkildə azalaraq son 13 ildə 75 faizdən 12 faizə düşdüyünü diqqətə çatdırıb. Ölkədə dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində əmək bazarında da sabitliyin mövcud olduğunu qeyd edən nazir Azərbaycanın xarici işçi qüvvəsi üçün cəlbedici bir ölkə olduğunu və xarici ölkələrdən işləməyə gələnlərin sayının da artmaqda davam etdiyini diqqətə çatdırıb.
S.Müslümov milli qanunvericilikdə əməkçi miqrantların Azərbaycan Respublikası vətəndaşları ilə eyni sosial və əmək hüquqlarına malik olmasının təsbit edildiyini, əməkçi miqrantlara qarşı hər-hansı formada ayrı-seçkiliyə yol verilmədiyini, BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”sının prinsiplərinə ciddi əməl olunduğunu vurğulayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq əlaqələrindən bəhs edən nazir gələcəkdə də bu əlaqələrin inkişafı üçün məqsədəuyğun işlərin aparılacağını diqqətə çatdırıb.
Furio de Angelis qaçqın və məcburi köçkünlərin humanitar ehtiyaclarının aradan qaldırılması sahəsində ölkəmizdə aparılan işlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən maraqla izlənildiyini və müsbət dəyərləndirildiyini vurğulayıb. O, Azərbaycanda vətəndaşlığı olmayan şəxslərə, əməkçi miqrantlara qarşı hər hansı ayrı-seçkiliyin olmamasının, onların sosial müdafiəsinə göstərilən diqqətin də hümanitar prinsiplərə uyğun səviyyədə olduğunu və məmnunluq doğurduğunu qeyd edib. Eyni zamanda o, uzun zaman ərzində Azərbaycanda qaçqın kimi yaşayan, lakin başqa dövlətlərin vətəndaşlığını saxlamış şəxslərin və onların ailə üzvlərinin Azərbaycanın mövcud sosial müdafiə sisteminin bütün elementlərindən (sığorta-pensiya, sosial müavinətlər, ünvanlı sosial yardım) Azərbaycan vətəndaşları ilə bərabər səviyyədə təmin olunmaları imkanlarının da müzakirə mövzusu olduğunu bildirib.
Görüşdə qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin hümanitar ehtiyaclarının qarşılanması sahəsində gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Baki-xeber.com