Adil Qeybulla: "Dərman təhlükəsizliyi ilə bağlı dünyada hansı addımlar atılırsa, analoji qayda bizdə də tətbiq olunmalıdır"
Xəbər verildiyi kimi, Azərbaycanda milli farmakoloji nəzarət sisteminin qurulması işlərinə başlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, məlumat bazalarının və müvafiq farmakoloji nəzarət proqramlarının yaradılması reallaşdırılır, müvəqqəti farmakoloji nəzarət təlimatı təsdiqlənib.
Məlumatda bildirilir ki, hazırda farmakoloji nəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa İttifaqının dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə milli qaydaların hazırlanması, GVP modullarının və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanıb.
Bir çox ölkələrin farmakoloji nəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulub. Hazırda bu sahədə Azərbaycan bir çox nüfuzlu qurum və təşkilatlarla beynəlxalq əməkdaşlıq edir.
Azərbaycanda milli farmakoloji nəzarət sisteminin yaradılması barədə fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla qəzetimizə açıqlamasında bunları qeyd etdi: "Dərmanlara nəzarət sistemi ilə bağlı ümumi bir sistem yaradılsa, daha yaxşı olar. Dünyanın istənilən bir ölkəsində
istehsalına icazə verilən dərmanların hər biri farmokopeyada cəmlənir. Əhali də həmin dərmanların hansı ölkənin istehsalı, Ümumdünya Səhiyyə Təşkilatının reyestrində olmasından və orada o preparatın istifadəsinə icazə verilməsindən xəbərdar olur. Ancaq bizim dərman bazarımızda xaos var. Təəssüflər olsun ki, bəzi dərmanların həm təsiri, həm keyfiyyəti, həm də istehsalı şübhə doğurur. Bu səbəbdən də elə bir sistem qurulmalıdır ki, insanların dərmanlara inamı olsun".
Ekspertin sözlərinə görə, dərman təhlükəsizliyi konsepsiyası olmalıdır: "Dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Bu, bir növ, milli genofond məsələsidir. Zənnimcə, dərman təhlükəsizliyi ilə bağlı dünyada hansı addımlar atılırsa, anoloji qayda bizdə də tətbiq olunmalıdır".
Günel CƏLİLOVA