Kəmalə Ağazadə: "Elə ailələr var ki, ailə başçısını itirib və övladına baxa bilmədiyi üçün ondan imtina etməli olur"
"Azərbaycanda 50-dən çox uşaq küçəyə atılıb. İl ərzində Ə.F.Qarayev adına Klinik Uşaq Xəstəxanasına müayinə üçün 50 atılmış uşaq gətirilib". Bunu Ə.F.Qarayev adına Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xuduyev mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır: "Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra müayinə üçün bizim xəstəxanaya gətirilir. Həmin uşaqlar əksər hallarda sətəlcəmlə bizə daxil olur. Eyni zamanda onlar dəri-zöhrəvi və digər müayinələrdən keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var".
Uşaq eksperti Kəmalə Ağazadə "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bəzi valideynlərin övladlarından imtina etməsinin əsas səbəbi sosial problemlərdir: "Bəzi ailələrin maddi durumunun ağır olması onları belə bir hərəkət etməyə vadar edir. Bu hallar insanların məlumatsız olması və səhiyyə proqramlarına çıxışının olmaması ilə bağlıdır. 50 heç də böyük rəqəm deyil".
Həmsöhbətimizin sözlərinə görə, Ə.F.Qarayev adına Xəstəxanaya əsasən valideynlərin imtina etdiyi uşaqlar qoyulur: "Bura tək xəstə uşaqlar deyil, sağlam uşaqlar da qoyulur. Əsasən qeyri-rəsmi nikahlardan doğulan uşaqlardan imtina olunur. Ana uşağını necə saxlayacağını və körpəni ailəsinə necə təqdim edəcəyini bilmədiyi və gələcəkdə ona mümkün mənfi münasibətdən qurtulmaq üçün belə bir addıma əl atır. Elə ailələr var ki, ailə başçısını itirib və övladına baxa bilmədiyi üçün ondan imtina etməli olur. Demək olar ki, hər il 50-70-ə yaxın uşaq valideyni tərəfindən atılır. Valideynin imtina etdiyi uşaqlara dövlət sahib çıxır".
Günel CƏLİLOVA