Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədini etibarlı mühafizə etməklə yanaşı öz səlahiyyətləri çərçivəsində qanunla müəyyən edilmiş sərhədboyu rejimə əməl olunmasını təmin edir, müvafiq dövlət orqanlarına təbii ehtiyatların qorunması, ov qaydalarına əməl edilməsi üzrə nəzarətin həyata keçirilməsi işində lazımi köməklik göstərirlər.
DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da saat 20:10 radələrində Şəki rayonunun Şin kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində DSX əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir nəticəsində sərhədboyu zonada qanunsuz ovla məşğul olan Şəki rayonu Şin kənd sakinləri Cəlilov Mehman Fərhad oğlu, Əzimov Şöhrət Yanvar oğlu, Güləhmədov Murad Beydulla oğlu, Həsənov Ramil Yamil oğlu, Nəcəfov Ovçu Vergüllah oğlu, Şirinov Asif Nizami oğlu və Paşayev Akif Kamil oğlu saxlanılıblar. Təsərrüfat işlərinin görülməsi məqsədilə müvafiq icazə əsasında sərhədboyu zonaya buraxılmış kənd sakinlərinə məxsus AQS 95-85 dövlət qeydiyyat nişanlı «URAL» markalı avtomaşına baxış zamanı 7 ədəd ov tüfəngi, bir baş ovlanmış ayı cəmdəyi və iki aylıq diri ayı balası aşkar edilib.
Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər barələrində qanuni qərar qəbul edilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.