“Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu dəyişikliyə uyğun olaraq, Nizamnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, 46-cı maddəsinin altıncı hissəsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanıb.
Yeni qərara görə, dövlət tibb müəssisəsi ilə yanaşı, bələdiyyə tibb müəssisələri də yaradılır. Buna görə də dövlət tibb müəssisəsi ilə yanaşı, bələdiyyə tibb müəssisələri də öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu, bu nümunəvi Nizamnaməni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərar, əmr və sərəncamlarını rəhbər tutur.
Qərarla dövlət tibb müəssisəsi publik hüquqi şəxs hesab edilir. O, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edir.
Bələdiyyə adından yaradılan müəssisənin nizamnaməsini və onda edilən dəyişiklikləri aidiyyəti bələdiyyə təsdiq edir.
Yeni qərarla dövlət müəssisəsinin pulsuz tibbi xidmət göstərmək vəzifəsində dəyişiklik edilir.
Qərara uyğun olaraq, dövlət tibb müəssisəsi “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu ilə müəyyən edilmiş hallarda” pulsuz tibbi xidmət göstərəcək.
Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq. Səhiyyə Nazirliyindən (SN) APA-nın sorğusuna verilən cavabda bildirilib ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.
Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.