Artıq bir həftədir paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsinin sakinləri istilik sarıdan əziyyət çəkir. Qeyd etdiyimiz ünvanda yaşayan sakinlər qaz təzyiqinin zəif olması ilə bağlı redaksiyamıza müraciət edib.
Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yaşayan 100-ə yaxın ailə redaksiyamıza müraciət edərək bildirir ki, artıq bir həftədir adıçəkilən ünvana qaz zəif verilir. Sakinlər onu da qeyd edir ki, onlar problemlə bağlı "Azəriqaz"ın "qaynar xətt"inə müraciət edib: "Qazın verilişi o dərəcədə zəifdir ki, evi isidə bilmirik. Bir həftədir ki, qəsəbəyə aşağı təzyiqlə qaz verilir. O qazla nə ev isitmək, nə uşaqlara xörək bişirmək, nə də kombini işə salmaq olur. Hətta bəzi günlərdə qazın verilişi ümumiyyətlə dayanır. Qaz gah aşağı təzyiqlə verilir, ya da ümumiyyətlə verilmir".
Keşlə qəsəbəsinin Nizami Abdullayev küçəsində yaşayan sakinlərin müraciətini nəzərə alıb Nizami Rayonu Qaz-İstismar İdarəsi ilə əlaqə saxlamaq istədik. Lakin idarədən heç kim telefon dəstəyini qaldırmadı. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, adıçəkilən ünvana qazın nə səbəbdən aşağı təzyiqlə verilməsini araşdıracaq: "Sizin qəzetinizə edilən müraciəti nəzərə alıb bu məsələni araşdıracam. "Azəriqaz"ın "qaynar xətt"inə Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində qazın olmamasını bildirəcəm. Onlar da adıçəkilən ünvana gedib məsələni yerindəcə öyrənib həll edəcək. Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsinin qaz problemi tezliklə həll olunacaq"
Günel CƏLİLOVA