Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustan rayonunda bu rayonun və Şamaxı, Ağsu, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbul zamanı vətəndaşların müraciətlərində dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatına və bərpa müalicəsinə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması və s. məsələlər əksini tapıb. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, sosial cəhətdən həssas əhali qruplarından olan insanlara dövlət qayğısının artırılmasına, işsiz və işaxtaran vətəndaşlar üçün aktiv məşğulluq proqramlarının həyata keçirilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Xəbər Xidməti