Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, iclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq bu hesabat iclasının əlamətdar hadisə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində keçirildiyini bildirib: “Ötən 25 ildə xalqımız ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti və onun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində öz milli dövlətçiliyinin qurulması və möhkəmləndirilməsini uğurla təmin edib. Bu dövr Azərbaycanın sürətli iqtisadi tərəqqisinə, ölkədə sosial rifahın yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin qorunması və inkişafına, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə sahib olmasına xidmət edən tarixi nailiyyətlərlə zəngin bir inkişaf mərhələsi, tariximizin şanlı səhifəsidir”.
S.Müslümov ötən 25 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, habelə sosial sahədə qazanılan nailiyyətlərdən söz açıb, dünya iqtisadiyyatı üçün çox ağır olan 2016-cı ildə də ölkəmizdə inkişaf dinamikasının davam etdiyini bildirib: “Cari ilin 9 ayında respublikada qeyri-neft sektorunun 3,6 faiz artması, 121 mini daimi olan 154 min yeni iş yerinin açılması, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə daha da irəliləyərək 37-ci yerə layiq görülməsi, eyni zamanda əhalinin gəlirlərində, orta aylıq əmək haqqında və s. növbəti artımın özünü göstərməsi bunun real təsdiqidir”.