Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının hökumət sədrinin müavini Olqa Qolodets ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazirliyin avtomatlaşdırılmış sistemlərindən bıəhs edən S.Müslümov 2014-cü ilin iyul ayından ölkəmizdə tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sisteminin üstünlüklərini diqqətə çatdırıb. S.Müslümov dövlət sosial yardım sisteminin də tam avtomatlaşdırıldığını, sosial yardımın alınması üçün müraciət edilməsi, müraciətlərə baxılması və yardım təyinatı barədə qərar verilməsi prosesinin tam elektron əsaslarla, heç bir insan faktoru iştirak etmədən, şəffaf şəraitdə yerinə yetirildiyini bildirib. Sığorta-pensiya, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron infrastrukturundan, əhaliyə xidmətlərin elektron müstəvidə təşkilindən bəhs edən S.Müslümov ümumilikdə nazirliyin əhali üçün bütün aktual iş sahələri üzrə elektron xidmətlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Aparılan islahatlarda beynəlxalq əməkdaşlıq müstəvisində Rusiya Federasiyasının aidiyyəti qurumları ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan nazir bildirib ki, ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq, digər sahələrdə olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi sahəsində də ildən-ilə genişlənir. Nazir eyni zamanda beynəlxalq təşkilatlarda (BMT-nin və Avropa Şurasının sosial sahələrlə bağlı struktur bölmələrində, Beynəlxalq Əmək Təşkilatında, MDB-yə üzv dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasında və s.) qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
S.Müslümov diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq bu sahədə daim genişlənən təcrübə mübadilələrinə də imkan yaradıb. Nazir bildirib ki, hər iki tərəf üçün faydalı olan bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdirilməsi, əməkdaşlığın inkişafı üçün müvafiq səylər göstəriləcək.
O.Qolodets ölkəsi ilə Azərbaycan arasında yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsində də davam etməsinin və daim genişlənməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Əmək və sosial müdafiə sahələrində avtomatlaşdırlmış idarəetmə və xidmətlər sisteminin formalaşdırılması sahəsində ölkəmizin təcrübəsinin maraq doğurduğunu qeyd edən O.Qolodets müvafiq sahələrdə aparılan islahatlar barədə təcrübə mübadilələrinin daha da genişlənməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın, o cümlədən təcrübə mübadilələrinin qarşıdakı dövrdə də genişləndirilməsi məsələləri müzakirə olunub.
Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Baki-xeber.com