Azərbaycanda dini siyasi təbliğatın bir vasitəsinə çevirmək istəyən qüvvələr var. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə açıqlama verib.
A.Paşazadə qeyd edib ki, bəziləri dindən istifadə etməklə öz məqsədlərinə çatmaq üçün addımlar atıb: "Bu yolverilməzdir".
O, Azərbaycana Suriya və İraqdan gələn turistlərin diqqətdə saxlandığını da deyib. A.Paşazadə bildirib ki, İraq və Suriyadan gələn turistlər Azərbaycan məscidlərində namaz qılarkən onlara xüsusi diqqət yetirilməlidir:
"Əgər məscidə gəlib namaz qılırlarsa, onlara heç kim mane ola bilməz. Amma onlar məscidə təxribat məqsədilə gəlirlərsə, bunun qarşısı alınmalıdır. Onlar Azərbaycana gəlib turist kimi xeyir verirlərsə, bu o demək deyil ki, gəlib burada təxribat törətməlidirlər. Bizə sabitliyi pozan gəlir lazım deyil. İraq və Suriyada təxribatlar baş verir, bizə gələn turistlər də istəyə bilərlər ki, Azərbaycanda da həmin ölkələrdəki vəziyyət yaransın, sabitlik pozulsun. Amma biz buna imkan verə bilmərik. Əgər kimsə belə hallarla rastlaşarsa, dərhal bizə və lazımi qurumlara məlumat versin".