Cari ilin 8 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a verilən xəbərə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların əmək hüquqlarının müdafiəsi, habelə gecikdirilmiş əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
Belə ki, cari ilin yanvar-avqust aylarında Xidmətə ünvanlanan vətəndaş müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 783 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin məbləğin 95 faizi (742 788 manat) gecikdirilmiş əmək haqlarından, qalan hissəsi isə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Qeyd olunan ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlər əmək qanunvericiliyinin müvafiq tələbləri barədə məlumatlandırılıb, onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.
Yanvar-avqust aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 20 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən edilib və həmin vətəndaşların yenidən əvvəlki iş yerlərinə bərpası təmin olunub.