"Həkim xəstə ilə söhbət etməlidir ki, onun xəstəliyinin tam diaqnozunu təyin edə bilsin, 5-10 dəqiqəlik xəstə qəbulu ilə heç kim dərdinə şəfa tapmaz"
Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində bildirib ki, maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əməkhaqqı da artacaq.
Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişəcək: "Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişlər adambaşına olacaq. Bu isə həkimlərin əməkhaqlarının artımına səbəb olacaq. Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcək".
Həkimlərin əməyinin qiymətləndirilməsi barədə fikir bildirən həkim-ekspert Rasif Bağırov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, icbari tibbi sığorta sistemində həkimin işinin çoxluğu və ya azlığı yer almamalıdır: "Həkim öz kabinetində xəstə qəbul edərək onun müayinəsi və müalicəsi ilə məşğul olur. Bu proses icbari şəkildə aparılır. Həkim hansısa klinikada əyləşib işlədiyi işə görə faiz alırsa, icbari tibbi sığorta tətbiq olunandan sonra həmin xəstəxanadan əməkhaqqı alacaq. Xəstəxanaya sığorta haqqından müəyyən məbləğdə vəsait köçürüləcək və belə olan halda, əhalinin tibb müəssisələrinə axını sürətlənəcək. Çünki onlar həkimə pul vermədən müayinə olunacaq".
Həmsöhbətimiz bildirdi ki, həkim müəyyən normativ əsasında xəstə qəbul edə bilər: "Bir gün ərzində həkim 30-50 xəstə qəbul edə bilməz. Həkim xəstə ilə söhbət etməlidir ki, onun xəstəliyinin tam diaqnozunu təyin edə bilsin. 5-10 dəqiqəlik xəstə qəbulu ilə heç kim dərdinə şəfa tapmaz. Xəstə ilə azı 20-30 dəqiqə ünsiyyətdə olmalısan ki, onun xəstəliyinin tam diaqnozu aydın olsun".
R.Bağırov hesab edir ki, həkim üçün xəstənin sayının çoxluğu və ya azlığı önəm daşımamalıdır. Xəstənin sağalması tibb işçisi üçün öndə dayanmalıdır.
Günel CƏLİLOVA