Fatimə Hacıbəyli: “Gənclərin ölkədə qalmasını təmin etmək üçün onların sosial rifahını artıran tədbirlərə ehtiyac var”
Hər il minlərlə tələbə xaricdə təhsil almaq üçün başqa ölkələrə üz tutur. Bəziləri vətəndə dövlət universitetlərinə qəbul ola bilməyib xaricə üz tutsa da, bir qisim tələbə keyfiyyətli təhsili üstün tutaraq xarici ölkələrdə təhsilini davam edir. Bəzən elə olur ki, gənclər təhsilini başa vurduqdan sonra ölkəyə belə qayıtmırlar. Beləliklə, hər il minlərlə gənc ölkəni tərk edir.
Maraqlıdır, hər il bu qədər gəncin, beyin axınının ölkəni tərk etməsinin əsl səbəbi nədir?
“Xarici təhsil həm şəxsi, həm də peşəkar inkişaf üçün böyük imkanlar yaradır və qlobal səviyyədə rəqabət qabiliyyətini artırır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan gənclərinin xaricə üz tutmasının bir neçə əsas səbəbi var: “Birincisi, xarici universitetlərin təhsil səviyyəsi və tədris metodikaları daha müasir və dünyəvi standartlara uyğun olduğu üçün, gənclərimiz burada daha keyfiyyətli təhsil almağa can atırlar. Eyni zamanda, xaricdə təhsil almaq gənclərə müxtəlif mədəniyyətlər və fərqli perspektivlər tanıma imkanı yaradır ki, bu da onların şəxsi və peşəkar inkişafına müsbət təsir göstərir. Xarici təhsil həm şəxsi, həm də peşəkar inkişaf üçün böyük imkanlar yaradır və qlobal səviyyədə rəqabət qabiliyyətini artırır”.
Ekspert hesab edir ki, gənclərin ölkədə qalmasını təmin etmək üçün onların sosial rifahını artıran tədbirlərə ehtiyac var. Dövlətin tətbiq etdiyi “Güzəştli mənzil” proqramı yeni ailə quran gənclərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün mühüm bir təşəbbüsdür: “Lakin bu cür proqramların əhatə dairəsi genişləndirilməli və daha çox gəncin onlardan faydalanması təmin edilməlidir. Həmçinin, gənclər üçün tibbi xidmətlərə daha asan çıxış, nəqliyyat güzəştləri və sosial dəstək proqramları onların motivasiyasını artırmaq baxımından əhəmiyyətlidir. Azərbaycanda gənclər üçün dövlətin təşkil etdiyi sosial və mədəni layihələr də onların inkişafına töhfə verir. Gənclər Fondunun həyata keçirdiyi proqramlar, müxtəlif təlimlər və mədəni tədbirlər gənclərin sosial aktivliyini artırır və onların bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır. Bu cür təşəbbüslər regionlarda da genişləndirilməli və xüsusilə kənd yerlərində yaşayan gənclər üçün əlçatan edilməlidir".
Günel CƏLİLOVA