Dekabrın sonu, yanvarın əvvəlindən etibarən Azərbaycanda müəyyən qədər yumurta qıtlığı müşahidə olunmaqdadır. Əksər iri marketdə yumurta günlərlə olmur, gələndə isə çox tez bitir. Müxtəlif marketlərdə apardığımız söhbətlərdən məlum olur ki, istehsalçı quşçuluq fabriklərindən yumurta çox az sayda, əvvəlkindəən iki-üç dəfə uzun fasilələrlə verilir. Bir çox satış nöqtəsi isə vəziyyətdən istifadə edib, qiyməti süni şəkildə qaldırır.
Qeyd edək ki, son günlər əksər market və dükanlarda yumurta limitlə satılır. Belə ki, bir müştəriyə 30-dan artıq yumurta satılmır. Hətta bəzi mağazalarda isə, ümumiyyətlə, yumurta tapmaq müşkülə çevrilib. Satıcılar bunu yumurtanın az istehsal olunması ilə əlaqələndirirlər.
Ekspertlər hesab edirlər ki, yumurtanın marketlərdə limitlə satılmasının səbəbi adıçəkilən məhsulun satış qiymətinin qalxmasıdır.
“Ola bilər ki, marketlər tələbatın artdığını nəzərə alıb, satışı tənzimləmək üçün belə bir üsula əl atıblar”
Azərbaycan Respublikası Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirdi ki, yumurta istehsalında hər hansı problem yaşanmır. Ümumiyyətlə, yumurta istehsalında azalma yoxdur: “Ayrı-ayrı mağazalar yumurtanı bağladıqları müqaviləyə əsasən alırlar. Ola bilər ki, marketlər tələbatın artdığını nəzərə alıb, satışı tənzimləmək üçün belə bir üsula əl atıblar. Amma, ümumilikdə, istehsal həmişəki vəziyyətdədir və yumurta xaricə ixrac edilmir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, hazırda quşçuluq müəssisələrində yumurtanın satış qiymətləri çeşidinə görə 12-13-14 qəpik arasında dəyişir.
Günel CƏLİLOVA