Masallı rayonunda fəaliyyət göstərən "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsinin qonağı, hər iki Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədovla gənclərin onlayn görüşü Vətənə, torpağa saf məhəbbətdən irəli gəlirdi.
Tədbirin girişində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin dərnək rəhbəri Qumral Rzalı Milli Orduda xidmət edən əsgərlərin Vətən müharibəsində göstərdiyi şücaətdən və dövlətimizin onlara xüsusi qayğısından ürəklə danışdı. Müəssisənin direktoru Fuad Mənsimov isə öz çıxışında gənclərə örnək olması üçün Vətən müharibəsi qəhrəmanlarının həyatı, döyüş yolunu daima öyrənməsini ən vacib məsələ saydı.
Tədbirin qonağı, ehtiyatda olan zabit, kapitan Camaləddin Məmmədov 44 günlük Vətən müharibəsində keçdiyi gərgin və şərəfli döyüş yolundan danışdı, daha sonra bildirdi ki, Azərbaycan əsgəri bir qayda olaraq öz fədakarlığı ilə Vətən torpağını, xalqını müqəddəs tutur.
Axırda tədbirə qatılanlar Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliğinin onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu qeyd etdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü