“Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir”. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov media nümayəndələrinə açıqlamasında deyib.
A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata çatdırılıb: “Ötən il pensiyalar, təqaüdlər və müavinətlər artırılıb. Artımlar 2021-ci ildə də davam etdiriləcək. Keçən ilin yanvarında pensiyalar 13 faiz indeksasiya oldu, yəni artım oldu. Bu il də artım olacaq. Yanvar ayı ərzində pensiyaların nə qədər indeksasiya olunacağı bilinəcək. Hazırda bu məsələ dəqiqləşdirilir”.
Maraqlıdır ki, indeksasiya hansı meyarlara görə aparılır? Pensiyalar, ümumilikdə, nə qədər artacaq?
“...orta əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir”
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq, pensiya hər il bir dəfə olmaqla orta əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir: “Məlumat üçün bildirim ki, uçot qaydalarına uyğun olaraq, orta əməkhaqqı ilə bağlı məlumatların toplanılması və Statistika Komitəsinə ötürülməsi bir ay gecikir. 12 aylıq nəticələri komitə açıqlayanda 11 aylıq orta əməkhaqqı göstəriciləri öz əksini tapır. Yanvar ayı üçüq açıqlanan hesabatda 2020-ci ildə orta aylıq əməkhaqqının hansı faizlərlə artması nəzərə alınır. Buna uyğun indeksasiya gedəcək. Gözlənilən bundan ibarətdir ki, təxminən pensiyanın artım məbləği 12 faiz ətrafında olacaq. Bu, bütün növ pensiyalara tətbiq ediləcək.
Məlumat üçün bildirim ki, Azərbaycanda 3 növ pensiya var. Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya mövcuddur. Təxminən 1 milyon 270 min ölkə vətəndaşı və ya hər 8 nəfərdən biri müvafiq indeksasiya prosesində öz pensiyalarının müəyyən həcmdə artmasını müşahidə edəcək”.
Günel CƏLİLOVA