Məlum olduğu kimi, Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq. Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi gücləndirilib.
Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndəriləcək.
Danılmaz faktdır ki, artıq bəzi market və obyektlərdə sahibkarlar süni şəkildə qiyməti qaldırıblar. Bu kimi faktların qarşısını almaq üçün xüsusi komissiya yaradılıb. Maraqlıdır, süni qiymət artımının qarşısı necə alınacaq və bu prosesə nəzarət hansı formada olacaq?
“...qazandıqları əllərindən alınmalıdır”
İqtisadçı-ekspert Fikrət Yusifov bildirdi ki, bu məsələ ilə hər kəs mübarizə aparmalıdır: “İqtisadiyyat Nazirliyi yanında “Antiinhisar və istehlak bazarına nəzarət” adlanan bir qurum var. O, sağlam rəqabətin yaranmasına nəzarət edir. Belə süni qiymət artımları ilə məhz həmin qurum məşğul olmalıdır. Bu onun vəzifəsidir. Etiraf etməliyik ki, cəmiyyətdə manatın məzənnəsinin, Tarif Şurasındakı qiymətlərin dəyişilməsindən istifadə edən bir təbəqə var. Onlar hər fürsətdə, necə deyərlər, qaz vurub qazan doldurmağa çalışırlar. Amma cəzalanmalıdırlar. Belələrinə qarşı, sözün əsl mənasında, sərt mübarizə başladılmalı və analoji yollarla qazandıqları əllərindən alınmalıdır”.
F.Yusifovun sözlərinə görə, süni qiymət artımının Tarif Şurasındakı dəyişikliklə heç bir əlaqəsi yoxdur: “Əgər insan hansısa şəraitdən maraqları naminə istifadə edirsə, deməli, yeganə mübarizə üsulu maraqlarının əlindən alınmasıdır. Bunun üçün süni qiymət artımı ilə bağlı qanunvericilikdəki müddəalar da tətbiq edilməlidir. Neftin, dizelin qiymətinin artması ərzaq məhsullarının bu qədər bahalaşmasına əsas vermir. Belə hərəkət, sadəcə, vicdansızlıqdır. Başqa izahı yoxdur”.
Günel CƏLİLOVA