Azərbaycan 2021-ci il üçün iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub. Bu barədə “Gallup International” agentliyinin keçirdiyi rəy sorğusunda deyilir. Sorğuya əsasən, dünya əhalisinin 25 faizini 2021-ci ildə iqtisadi çiçəklənmə gözləyir, 46 faizi isə problemlərə hazırlaşır.
Ölkələr sırasında iqtisadi ümidin ən yüksək indeksi Nigeriyada (58 faiz), Azərbaycan (47 faiz) və Vyetnamda (45 faiz) qeydə alınıb.
İqtisadi ümidsizlik baxımından liderlər sırasında Böyük Britaniya, Bolqarıstan və İtaliya yer alıb.
İqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələr sırasında Azərbaycanın yer alması sevindiricidir.
“Ölkə başçısı İlham Əliyevin rəhbərliyilə həyata keçirilən islahatlar 2020-ci ildə pandemiyanın iqtisadi təsirlərinin minimumlaşdırılmasına şərait yaratdı”
İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyilə həyata keçirilən islahatlar 2020-ci ildə pandemiyanın iqtisadi təsirlərinin minimumlaşdırılmasına şərait yaratdı: “Məlumdur ki, pandemiya ilə əlaqədar olaraq əksər ölkədə iqtisadi vəziyyət gerilədi. Ancaq ölkəmizdə bu hal müşahidə edilmədi. Azərbaycanda pandemiya səbəbindən müşahidə edilən iqtisadi azalma tempi digər qonşu ölkələr, o cümlədən, dünya üzrə qlobal orta göstərici ilə müqayisədə daha məqbul hesab olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkəmizin iqtisadiyyatının inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Son on yeddi ildə Azərbaycanın iqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısında olması bir daha deyilənlərin təsdiqidir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 17 il ərzində 2,7 milyon yeni iş yeri yaradılıb. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nominal orta əməkhaqqı 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son illər çox ciddi inkişaf yolu keçib. Xüsusən də fiskal gəlirlərdə müşahidə edilən artım, dövlət gəlirlərinin 20 dəfə artması böyük rəqəmdir. Belə bir artım digər ölkələrin təcrübəsində çox nadir rast gəlinən artımdır”.
Günel CƏLİLOVA