Xəbər verildiyi kimi, yanvarın 4-də Tarif Şurasının iclası keçirilib. İclasda qəbul edilən ən mühüm qərar Aİ-92 benzinin və dizel yanacağının qiymətinin artırılması olsa da, burada daşınmaz əmlakla əməliyyatların tarifləri, o cümlədən, evlərin özəlləşdirilməsi tarifləri də 2 dəfə artırılıb. Belə ki, özəlləşdirmə tarifləri:
– Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2-i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
– sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
– sahəsi 100 m2-dən 500 m2-dək – maksimum 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
– sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
– kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN
(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib)
Həyətyanı və bağ sahələri üzrə:
– sahəsi 0,12 ha-dək olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün – 1,7 AZN (əvvəl 1 AZN)
Ekspertlərin fikrincə, daşınmaz əmlak, o cümlədən, evlərin özəlləşdirilməsi tariflərinin iki dəfə artırılması nəticəsində büdcə daxilolmaları artacaq, eyni zamanda, sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi daha da artacaq.
“...sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyini daha da artıracaq”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd etdi ki, bu addımları bir qədər optimallaşdırmaq olardı: “Daşınmaz əmlak, o cümlədən, evlərin özəlləşdirilməsi tariflərinin iki dəfə artırılma səbəbinə büdcə daxilolmaların artırılmasını, eyni zamanda, sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasını göstərmək olar. Daşınmaz əmlak, əmlak qiymətləri üzrə qiymət artımlarının iqtisadi əsaslanması var. Belə ki, bütövlükdə qeyri-yaşayış sahələri üzrə qiymətlərin iki və daha çox artırılması zəruri idi. Eyni zamanda, ilkin qeydiyyat zamanı xidmət haqları və tariflərin artırılması zərurəti daha çox idi. Amma təkrar qeydiyyatda, xüsusilə mənzillərdə qiymətin iki dəfəyə qədər artırılmasına ehtiyac yox idi. Bunu bir qədər optimallaşdırmaq olardı. Görünür, hökumət məsələ ilə bağlı müəyyən monitorinqlər aparıb. Buna görə də qərarın bu cür qəbul olunmasına ehtiyac duyublar. Bir daha qeyd edim ki, bu sahə üzrə qiymət artımının olması bilavasitə həmin sahə üzrə fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha səmərəli olmasına əsas yaradacaq”.
Günel CƏLİLOVA