Dövlət Neft Şirkətinin (SOCAR) Tarif Şurasına müraciəti ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasına qərar verilib. Tarif Şurasının qərarı ilə yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Artıq şəhər əhalisinin hər gün istifadə etdiyi taksi xidmətləri bu məsələdə birincilik nümayiş etdirib.
İlk olaraq el arasında “1 manatlıq” deyilən taksilər qiymət artımına start verdi. Suraxanı rayonu, Hövsan qəsəbəsindən şəhərə hərəkət edən taksilər gediş haqqını artırıb. Qəsəbədən “28 May” metrostansiyasına hərəkət edən taksilərin sürücüləri sərnişinlərdən adambaşına 2 manat tələb ediblər. Qəsəbədən “Əhmədli” və “Neftçilər” metrostansiyalarına gediş haqqı üçün 1 manat 50 qəpik tələb olunub. Halbuki, hər iki istiqamətdə gediş haqqı bu günə qədər 1 manat, “28 may” metrostansiyasına fövqəladə vəziyyətlərdə 1 manat 50 qəpik olub. "1 manatlıq" taksilərin bu addımı Hövsan sakinlərinin narazılığına səbəb olub.
Analoji hal Xırdalan, Masazır və Sumqayıta paytaxtdan və ya əksinə hərəkət edən taksilərdə qeydə alınıb. Qeyd olunan istiqamətlər üzrə hərəkət edən “1 manatlıq” taksilərdə də gediş haqqı əlavə olaraq 1 manat artırılıb.
Onu da qeyd edək ki, ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə Tarif Şurası tərəfindən nəzarət edilmir və müvafiq gediş haqqını dövlət müəyyənləşdirmir.
“...məcbur olub əvvəlki qiymətə geri qayıdacaqlar”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, bəzi işbazlar vəziyyətdən istifadə edib həmin an süni qiymət artımına gedirlər. Ancaq bu düzgün deyil: “Taksi sürücüləri və şirkətlər qiymətləri süni şəkildə artıra bilərlər. Bu məsələ aidiyyəti qurumların daim nəzarətində olmalıdır ki, süni qiymət artımı baş verməsin. Süni qiymət artımının olmaması üçün müvafiq tədbirlər görülməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, taksi qiymətləri hazırda bazarın özü tərəfindən tənzimlənir: “Sərnişinlər hər zaman istifadə etdikləri “1 manatlıq” taksilərin qiymət artımına etiraz olaraq onlardan istifadə etməsələr, sürücülər məcbur olub əvvəlki qiymətə geri qayıdacaqlar”.
Günel CƏLİLOVA