Torpaqlarımızın 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altında olduğu dövrdə ermənilər bizim ərazilərimizdə saysız cinayətə, beynəlxalq konvensiyaların tələblərinə zidd hərəkətlərə yol veriblər. Xankəndi, Şuşa, Kəlbəcər, Laçın və sair şəhərlərimiz də daxil olmaqla, ermənilər 400-dən çox yer-yurd adımızı saxtalaşdırıb, bir sözlə, toponimləri özününküləşdiriblər.
Ermənilərin dəyişdirdiyi 400-ə yaxın toponimin milliləşdirilməsi istiqamətində artıq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda institutun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin rəhbərliyilə Toponimika sektoru yaradılıb.
Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub.
Toponimika sektoru toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponimin adının bərpası, milliləşməsi məsələləri ilə məşğul olacaq. Həmçinin, işğaldan azad edilmiş rayonlarda küçələrə, meydanlara, parklara Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin adlarının verilməsi təklifini də irəli sürəcək.
Qeyd edək ki, ermənilər tərəfindən dəyişdirilən toponimlərin bərpası istiqamətində ilk təşəbbüslər ölkə başçısı İlham Əliyev tərəfindən Madagiz qəsəbəsinin adının Suqovuşan adlandırılması ilə başlanıb.
“Biz toponimlərimizi öz doğma adlarına qovuşduracağıq”
Professor Qara Məşədiyev baki-xeber.com-a bildirdi ki, şanlı ordumuz torpaqlarımızı işğaldan azad etməklə böyük bir tarix yazdı. Alimlərin hazırda qarşısında böyük vəzifələr durduğunu deyən Q.Məşədiyevin sözlərinə görə, ermənilər bütün istiqamətlərdə, o cümlədən də toponimlərimizin adlarını dəyişdirmək yönündə böyük cinayətlərə əl atıblar. “Ermənilər işğal dövründə bizim bütün kənd, şəhər, yer-yurd adlarımızı kütləvi şəkildə saxtalaşdırıb, toponimləri özününküləşdiriblər, biz indi o adları yenidən milliləşdirəcəyik. Onlar toponimlərimizin tarixi adlarını dəyişərək onlara qondarma adlar veriblər. İndi ərazilərimiz düşmən işğalından azad edilib və biz alimlərin də üzərinə böyük vəzifələr düşür. Bizim institutda yeni şöbə yaranıb və bu şöbənin işi ermənilər tərəfindən dəyişdirilən, saxtalaşdırılan toponimlərimizin öz tarixi-milli adlarının yenidən özlərinə qaytarılmasıdır. Hesab edirəm ki, qarşıda bizi daha çox işlər gözləyir, biz toponimlərimizi öz doğma adlarına qovuşduracağıq. Biz erməni işğalçıları tərəfindən dəyişdirilən toponimlərimizin milliləşdirilməsi istiqamətində işlər görəcəyik. Hələ bu barədə geniş danışmaq istəmirəm” - deyə Q.Məşədiyev vurğuladı.
İradə SARIYEVA