Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı gündən-günə artır. Artıq bir çox ölkə xüsusi karantin rejimi tətbiq edir, qaydaları sərtləşdirir.
Azərbaycan dövləti koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Amma görünən odur ki, virus artmaqda davam edir. Buna görə də ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.
Qeyd etdiyimiz kimi, son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus daşıyıcılarının sayı günbəgün artır. Təkcə son sutka ərzində 1 369 yeni koronavirus faktı aşkarlanıb, 22 nəfər isə COVID-19 səbəbilə həyatını itirib.
“Biz onlarla belə xəstə tanıyırıq ki, onlar heç yerdə qeydiyyatdan keçməyiblər”
Tibbi ekspert Adil Qeybulla baki-xeber.com-a bildirdi ki, aparılan araşdırmalar əsasında müəyyən olunub ki, koronavirusa yoluxan xəstələrin sayı qeydiyyatdan keçənlərdən daha çoxdur: “Hazırda ikinci mərhələnin pik dövrünü yaşayırıq. Müəyyən bir dövrdən sonra yəqin ki, eniş olacaq. Sərtləşmə işləri dövlətdən asılıdır, hər halda müəyyən etapda bu barədə qərarlar verilə bilər. Amma əsas ümumi immunitet məsələsidir. Dünya Səhiyyə Təşkilatı bunun formalaşdığını deyir. Yəni əhalinin içində bir kollektiv immunitet olur, bizdə də təxminən buna gedir. Bu gün çox böyük sayda xəstə var. Elan olunan rəqəmlər reallığı əks etdirmir. Çünki xəstələrin heç də hamısı testdən, qeydiyyatdan keçmir, bəziləri evdə müalicə alırlar. Biz onlarla belə xəstə tanıyırıq ki, onlar heç yerdə qeydiyyatdan keçməyiblər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, maska taxmaqla və asqıran, öskürəndən aralı durmaqla COVID-ə yoluxanların sayında ciddi azalma müşahidə oluna bilər: “Çünki virus gözlə də selikli qişadan keçir. Əgər COVID pozitivdirsə, vaxtında həkimə müraciət etsinlər. Əsas da ixtisası olan həkimə müraciət etsinlər. Aptekdən gedib bildikləri dərmanı alıb içirlər, qeyri-ixtisas həkimlərinə müraciət edirlər. Nəticədə də yoluxanların arasında vəziyyəti ağırlaşanlar da artır”.
Günel CƏLİLOVA