“Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik”. Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.
Prezident qeyd edib ki, bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək: “Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir ”.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb, onların problemləri ilə maraqlanıb, firavanlığının qeydinə qalırlar. Bir çox mənzilin və avtomobilin açarlarını şəhid ailələrinə Prezident İlham Əliyevin şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir.
“…xüsusi imtiyazlar verilsin”
Millət vəkili Tahir Kərimli bildirdi ki, vətənin azadlığı uğrunda can qoyan, döyüşən, qazi olan hərbçilərin ailələrinin sosial vəziyyəti yaxşılaşdırılmalıdır: “27 sentyabrdan etibarən torpaqlarımızın azad olunması yolunda vuruşan əsgərlərimiz, qazilərimiz və şəhidlərimizin ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən addımların atılacağı istisna deyildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümumiyyətlə, şəhid ailələri, döyüşlərdə vuruşan, vuruşub qazi olan hərbçilərimiz bütün vergilərdən azad olunsun, mənzillə, işlə təmin edilsin və onlara xüsusi kompensasiya ayrılsın, xüsusi imtiyazlar verilsin. Bu şəxslərin hamısı üçün arzu etdikləri hər bir şəraiti yaratmalıyıq, onlar buna layiqdirlər. Onların hər birini Şuşada mənzillə təmin etmək çox gözəl olardı".
Həmsöhbətimiz hesab edir ki, bu döyüşlərdə iştirak edənlər arasında milli qəhrəmanlar da olacaq, onlar haqqında müxtəlif sənədli və bədii filmlər də çəkiləcək.
Günel CƏLİLOVA