Ali Baş Komandan İlham Əliyev şanlı Ordumuzla uzun illər həsrətini çəkdiyimiz Qarabağ torpaqlarını erməni dığalardan azad etdikcə, ömrümüzə calanan sevincli, qürurlu günlərin sayı bilinmir. Artıq Qarabağımız da azad olundu. İndi müqəddəs diyarla ürəyimiz bir döyünür. Bu, xalqımız üçün böyük fəxarətdir. Bunları bizə yaşatdığına görə həmişə Ali Baş Komandana minnətdar olmalıyıq.
O da var ki, ölkəmiz son ayda iki düşmənlə döyüşməli oldu. Dünyanı sarsıdan COVID-19 pandemiyası respublikamızda öz fəsadlarını göstərir. Virusa yoluxanların sayı artır, hətta xəstəlikdən vaxtsız ömrünü başa vuranlar da çox olur. Əsas qüvvələr müqəddəs Vətən müharibəsinə yönəlməklə bərabər, ölkə rəhbəri nə lazımdır edir ki, öldürücü virus insanların sağlamlığına xətər yetirməsin...
Təəssüf ki, son günlər ölkədə olan vəziyyətdən istifadə edərək var-dövlət xətrinə millətin adına yaraşmayan işlər görənlər peyda olur. Onlar əsasən respublikanın ucqar dağ kəndlərində daha çox əl-qol açırlar. Daster və Siyov Lerik rayonunun ən ucqar əraziləridir. Hər iki ərazidə aptek olmadığı üçün vacib olan hər hansı tibbi ləvazimatı əldə etmək çətindir. Qəribədir ki, birinə tibbə aid bir şey lazım olanda mütləq o, müxtəlif yerlərdən buraya alver məqsədilə gələnlərə müraciət edir.
COVID-19 pandemiyasi ilə əlaqədar hazırda adlarını çəkdiyim ərazilərdə qoruyucu tibbi maskalara ehtiyac çoxdur. Məhz buna görə Lənkəran şəhərindən gələn alverçilər burada maska satışına üstünlük verirlər. İşin dəhşətli tərəfi odur ki, onlar utanıb-çəkinmədən satdıqları 30 qəpiklik maskaya 2-3 manat qiymət qoyurlar. Ən pisi odur ki, bu, insanların taleyinə məsul olan dövlət mənsublarının gözü qarşısında baş verir. Lakin nədənsə, harama dadananlara, millətini, vətənini pula qurban verənlərə qarşı heç bir tədbir görülmür. Onu da deməyi vacib sayıram ki, həmin alverçilər cavan, sağlam olduqları halda, dövlətdən pensiya alırlar. Görünür, insanlara kəf gəlmək, rüşvətlə iş görmək onların qanındadır. ..
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü