Azərbaycanda koronavirusa yoluxma halları son günlər gündəlik 1000-1100 nəfər təşkil edir. Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Mütəxəssislərin fikrincə, yoluxanların sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna, yoluxma əmsalı yüksək bir xəstəlik olduğuna görə insan faktoru çox önəmlidir.
Koronavirusa yoluxma sayı günü-gündən ardığı üçün sərt karantin rejiminin yenidən tətbiq olunması, xüsusilə də SMS icazənin tətbiqi müzakirə edilir. SMS icazə yenidən tətbiq olunarsa, yoluxma sayının azalması ehtimal edilir.
“Qapalı məkanlarda maskanın taxılmasına və sosial məsafənin təmin edilməsinə nəzarət gücləndirilməlidir”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, SMS icazənin yenidən tətbiq edilməsi gözləniləndir: "Karantin rejimi yenidən sərtləşdirilə bilər. Yoluxmaların sayının daha çox artmaması üçün sərt karantin tədbirlərinin görülməsi vacibdir. İnsanların bir-birilə təmasları məhdudlaşdırılmalıdır. Bilirsiniz ki, orta məktəblər və metro bağlandı. Bunun özü də karantin rejiminin sərtləşdirilməsidir. Hətta evdə qalmağa qədər karantin rejimi sərtləşdirilə bilər. İnsanlarımız başa düşməlidirlər ki, indiki dövrdə karantin davranışılarına əməl etmək və vətəndaş məsuliyyətini ortaya qoymaq vacibdir. Əlbəttə, məsuliyyətsiz davranışlar yoluxmaların sayının 1000-i keçməsinə səbəb oldu. Ən təhlükəli məqam isə bu xəstəliyin ön cəbhəyə keçməsidir. Ona görə də lazım olan bütün tədbirlər görülməlidir”.
Həmsöhbətimiz hesab edir ki, qapalı məkanlarda maskanın taxılmasına və sosial məsafənin təmin edilməsinə nəzarət gücləndirilməlidir: “Əks təqdirdə, bu həftədən başlayaraq "SMS icazə" sisteminə keçilə bilər. Bundan əlavə, digər müəssisələrin də bağlanması barədə qərarların verilməsi də mümkündür. Bütün bunlar yoluxma sayının artmasının qarşısını alan zəruri addımlardır”.
Günel CƏLİLOVA