Erməni təxribatı nəticəsində 50-yə yaxın məktəb yararsız hala düşüb. “Trend”in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatı yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.
Nazir bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.
Nazir Emin Əmrullayev deyib ki, son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, "teams", "zoom" platformalarının daha işlək olması üçün aidiyyəti qurumlarla iş aparılır.
Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edilib və bütün məktəblərdə onlayn dərslərin keçirilməsi barədə qərar verilib: "Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir neçə həftədə dərslər onlayn olacaq. Onlayn təhsil hazırda daha məqbul hesab edilir.
Nazir bildirib ki, təqdim olunan "zoom", "teams" proqramları VPN-lə işləsə, müəyyən problemlər yarana bilər. Ona görə də bu platformalar VPN-siz işləməlidir.
"Biz hər şagirdin ənənəvi təhsil almasının tərəfdarıyıq, amma indi yaranmış vəziyyətdə ən düzgün yol distant təhsildir" - deyən Təhsil nazirinin sözlərinə görə, sutka ərzində yoluxma sayının 1000-dən çox olması artıq distant təhsilin təşkili barədə qərarın verilməsinə səbəb olub.
Nazir bildirib ki, hazırda hər bir vətəndaşın verə biləcəyi töhfə qaydalara əməl etməkdir.
Nazir şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi üçün artıq təcrübə olduğunu deyib.
Onun sözlərinə görə, ötən il bu online qaydada keçirildi. Bu il isə fərqi yoxdu dərslər distant və ya adi qaydaya olsa da, bu qiymətləndirmə həyata keçiriləcək: "Pandemiya imkan verərsə, biz daha tez adi dərs qaydalarına qayıtmağa çalışacağıq".
Nazir bölgələrdə internet şəbəkəsinin genişlənməsinin qısa zaman ərzində mümkün olmadığını deyib. Onun sözlərinə görə, bəzən fikirlər səslənir ki, hamıya planşet paylansa, problem həll oluna bilər. Amma bu belə deyil.
Emin Əmrullayev deyib ki, növbəti illərdə 100 məktəbdə fiberoptik şəbəkənin qurulması nəzərdə tutulur.
Onun sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur.
Nazir tədris kurslarının fəaliyyətinə də aydınlıq gətirib. Deyib ki, tədris kurslarının fəaliyyəti ilə bağlı hər hansı qadağanın tətbiqi nəzərdə tutulmur. Onun sözlərinə görə, tədris kursları mövcud qaydalara riayət etməklə fəaliyyətlərini davam etdirə bilərlər.
Nazir deyib ki, məktəbəqədər qruplar və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil və onların fəaliyyətində fasilə davam etdiriləcək. Onun sözlərinə görə, bağçalarda onlayn təlimin keçirilməsi mümkün deyil: "Amma müəyyən özəl bağçalar və məktəbəqədər qruplar distant yolla uşaqlara hansısa bacarıqları ötürə bilərsə, tapşırıqlar verərsə, bu, qanunsuz sayılmaz. Ən azı, iki həftə ərzində təlimin bərpası mümkün deyil. Ondan sonra, vəziyyətdən asılı olaraq, bəzi ərazilərdə tədrisin bərpası məsələsinə baxıla bilər".
Baki-xeber.com