01/12/2020 21:36
728 x 90

ZƏFƏR NƏĞMƏSİ

img

Milli Ordumuzun zabiti oğlum Ramilə

Açıb qucağını sənə Qarabağ,
Öpür qədəmini hər dərə, hər dağ.
Qələbə ətrinə bələnib torpaq,
Zəfərin mübarək, komandir oğlum!

Ovutdun gör neçə qəlbi kövrəyi,
Bitib ürəklərin acı göynəyi.
Yollar geyinibdi zəfər köynəyi,
Zəfərin mübarək, komandir oğlum!

Üç rəngli ulduzun, ayın var sənin,
Döyüşdə öz haqqı-sayın var sənin.
Qələbə sözündə payın var sənin,
Zəfərin mübarək, komandir oğlum!

Babək hünəri var ər qollarında,
Ömrün yol eyləyib hərb yollarında.
İndi üzü gülür bu yolların da,
Zəfərin mübarək, komandir oğlum!

Vətən sevgisidir sönməz ocağın,
Qeyrət köynəklidir sənin hər çağın.
Bu vətən boydadır  indi qucağın,
Zəfərin mübarək, komandir oğlum!

Arzum ələ yaxıb sevinc hənası,
Dəyərdən ucadır ömrün mənası.
Vətənin qızıyam - zabit anası,
Zəfərin mübarək, komandir oğlum!

Vətənin göz yaşın silir savaşın
Məslək savaşıdı, bu haqq savaşın
Düşməni susdurur zəfər savaşın
Zəfərin mübarək, komandir oğlum

Qeyrət ətirlidir adın, ünvanın,
“Çəngi”yə köklənib damarda qanın.
Əmrindən güc aldın Baş Komandanın,
Zəfərin mübarək, komandir oğlum!

Nəzakət MƏMMƏDLİ

Son xəbərlər