Məlum olduğu kimi, müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin krediti silinəcək. Azərbaycan Banklar Assosiasiyasının qərarına əsasən, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək, həmçinin, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər, habelə digər ödəmələr tam həcmdə silinəcək, eyni zamanda, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq.
Ancaq banklar erməni təcavüzü zamanı yaralanan mülki şəxslərlə bağlı hər hansı bir güzəşt nəzərdə tutmayıblar. Məlumdur ki, erməni təcavüzü zamanı çoxlu sayda mülki insan həm maddi, həm də fiziki zərərlə üzləşib. Təəssüf ki, banklar bu şəxslərlə bağlı heç bir güzəşt tətbiq etməyiblər. Əksinə, həmin insanlardan vaxtlı-vaxtında ödəniş edilməsini tələb edirlər.
“Erməni təcavüzü zamanı mülki şəxslərə dəymiş ziyana görə onlar müəyyən müddət bank kreditlərini ödəmək gücündə olmayacaqlar”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, erməni təcavüzü zamanı daşınmaz əmlaka dəyən zərər dövlət tərəfindən ödəniləcək. Məlumdur ki, evlərin yenidən bərpa olunması dövlət proqramı ilə həyata keçiriləcək.
İqtisadçının sözlərinə görə, erməni təcavüzü zamanı mülki şəxslərə dəymiş ziyana görə onlar müəyyən müddət bank kreditlərini ödəmək gücündə olmayacaqlar: “Təbii ki, yaralanmış mülki şəxslərin sağalması, onların yenidən işləməsi müəyyən zaman aparacaq. Belə olduğu halda, banklar mülki şəxslərin kredit məsələsini də müəyyən müddətlik dondurmalı idi. Çox güman ki, mülki şəxslərin bank kreditləri ilə bağlı kənarda qalması texniki problemdir. Mülki şəxslərin bank kreditləri ilə bağlı məsələ qaldırılmalı və onların kredit ödəmək gücündə olmadığı da nəzərə alınmalıdır”.
Günel CƏLİLOVA