Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik. Bunu Trend-ə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir: "TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına pulsuz aparılır, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyatı yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik".
"Azərbaycan koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı dünyada gedən prosesləri yaxından izləyir və bununla bağlı çoxtərəfli və ikitərəfli platformalarda iştirak edir" - deyən Y.Qarayeva bildirib ki, dünyada bir neçə peyvənd namizəd kimi təsdiq olunub, lakin onların insanlarda istifadəsi zamanı hansısa mənfi məqamlar ortaya çıxıb.
O qeyd edib ki, hələki dünyada elə bir vaksin yoxdur ki, bütün mərhələləri bitsin və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunsun: “Belə bir vaksin olacaqsa, biz onu gətirən birinci ölkələrdən olacağıq”.
Rusiyada istehsal olunan peyvəndlərin Azərbaycana gətirilməsi məsələsinə toxunan Y.Qarayeva bildirib ki, Rusiyada istehsal olunan peyvəndlər də namizəd peyvəndlər siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “Əgər beynəlxalq təşkilatlar tərəfindən tam təsdiq olunarsa, Azərbaycan onların da gətirilməsi barədə düşünə bilər”.